Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonuna start veririk!
Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
“Küləyə qalib gəl” şüarı altında doqquzuncu dəfə keçiriləcək Bakı Marafonu bu il ilk dəfə olaraq 42 kilometrlik məsafədə təşkil olunacaq. Marafonun start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə Sea Breeze ərazisi olacaq.
42 kilometrlik məsafəni əhatə edən Bakı Marafonu aşağıdakı marşrut üzrə keçiriləcək: Dövlət Bayrağı Meydanı → Dənizkənarı Bulvar → Bakı Dəniz Vağzalı → Neftçilər prospekti → Bakı Ağ şəhər Bulvarı → 8 Noyabr prospekti → Yusif Səfərov küçəsi → Sevgi Parkı → Heydər Əliyev Prospekti → BAKU Arena → Böyük İpək Yolu küçəsi → Müzəffər Nərimanov küçəsi → Ziya Bünyadov Prospekti → Böyükşor küçəsi → Böyükşor körpüsü → Balaxanı dairəsi → Böyükşor–Pirşağı yolu → Bakı Dairəvi Yolu (Bilgəh–Pirşağı şosesi) → Sea Breeze.
Marafonda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 AZN-dir.
Korporativ iştirakçılar (hər şirkətdən minimum 10 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir.
Tələbələrin marafonda iştirakı üçün vəsait Heydər Əliyev Fondu tərəfindən ödənildiyindən, onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.
Xarici vətəndaşlar üçün qeydiyyat ödənişi 100 AZN-dir.
Qeyd: Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi olan şəxslər üçün qeydiyyat 20 AZN təşkil edir.
Həmin şəxslər vətəndaşlığını qeyd edərək “Ş/V seriya nömrəsi” bölməsinə icazə vəsiqəsinin seriya nömrəsini yazaraq qeydiyyatdan keçə bilərlər.
“Bakı Marafonu - 2026”ın mükafatlandırması iki kateqoriya üzrə həyata keçiriləcək. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Hər iki kateqoriya üzrə 1-ci yerin qalibi 6 000 AZN, 2-ci yerin qalibi 4 000 AZN, 3-cü yerin qalibi isə 2 000 AZN məbləğində pul mükafatı və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqdır.
Bundan əlavə, 42 km məsafəni tamamlayan bütün iştirakçılar və yalnız 21 km məsafəni başa vuran ilk 2000 iştirakçı medal ilə təltif olunacaq, 10 km məsafəni tamamlayan iştirakçılar isə sertifikatla mükafatlandırılacaqlar.
Hər il olduğu kimi, qadın və kişi kateqoriyaları üzrə finiş xəttini ilk keçən tələbələr arasında “Gənc ol” (Azercell), eləcə də “finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “finiş xəttini ilk keçən korporativ iştirakçı” nominasiyaları üzrə də mükafatların təqdim olunması nəzərdə tutulur.